Azərbaycan

MDB Oyunları

AZƏRBAYCANA

xoş gəlmisiniz !

MULTİKULTURALİZMİN DİYARI

“Odlar Yurdu” Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malikdir.

Şərqlə Qərbin kəsişməsində yerləşən bu qədim diyar multikulturalizm ənənələri ilə daim seçilir. Milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitində yaşayan Azərbaycan dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı kimi tanınır.

Azərbaycanın tarixi coğrafi mövqeyə və fərqli relyefə malikdir. Onun ərazisi dağ zirvələrindən Xəzər dənizi sahil düzənliklərinə qədər uzanır. Bu xüsusiyyət ölkəni unikal iqlim şəraitinə malik bir regiona çevirir. Belə ki, planetin 11 iqlim tipindən 9-u məhz Azərbaycanda müşahidə olunur.

Min illər boyu sivilizasiyaların inkişafında mühüm rol oynamış Azərbaycan, tarixi İpək Yolunun bir hissəsi olaraq, öz mədəni müxtəlifliyi, zəngin adət-ənənələri və qonaqpərvərliyi ilə seçilir.

MƏDƏNİYYƏTLƏR VƏ DİNLƏRARASI HARMONİYA

Azərbaycan dünyəvi dövlət olaraq müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşaması baxımından nümunəvi bir ölkədir. Dövlətin həyata keçirdiyi tolerantlıq siyasəti, xalqın hər bir üzvünün düşüncə tərzinə və dini inanclarına hörmətlə yanaşmanı təşviq edir. Bu yanaşma cəmiyyətin bütün sahələrində – gündəlik həyatdan təhsilə, hətta, beynəlxalq diplomatiyaya kimi aydın şəkildə özünü biruzə verir.

Bir sözlə, Azərbaycan müxtəlif etnik qrupların, o cümlədən, əllidən çox xalqın sülh və qarşılıqlı anlaşma şəraitində yaşaması üçün əlverişli şərait yaradır. Hər bir xalq öz mədəniyyətini qoruyub saxlamaqla yanaşı, digər icmalarla dostluq və qarşılıqlı hörmət əsasında birgə yaşayır. Bu da öz növbəsində ölkənin mədəni zənginliyini artırır və dövlətin davamlı inkişafına müsbət təsir göstərir.

MƏDƏNİYYƏT XƏZİNƏLƏRİ

Sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan qədim adət-ənənələrin, zəngin mədəni irsin – musiqi sənətinin və sənətkarlığın, möhtəşəm memarlığın harmoniyasını təcəssüm etdirir. Bu zəngin irs UNESCO tərəfindən tanınmış və onun dəyərli nümunələri “Qeyri-Maddi Mədəni İrs Siyahısı”na daxil edilmişdir.

Bu sıraya təkrarsız Azərbaycan muğamı, zərif Azərbaycan xalçaları, rəngarəng Novruz bayramı, ipək kəlağayıları, çövkən Qarabağ at oyunu, milli mətbəxdən nümunə -dolma , aşıq sənəti və “Koroğlu” dastanı və sair daxildir. Dünya İrs Siyahısında parlayan incilər arasında, həmçinin, Bakının qədim İçərişəhəri, Şirvanşahlar Sarayı və Qız Qalası, Şəki şəhərinin tarixi mərkəzi və Xan Sarayı, eləcə də Qobustan qayaüstü təsvirləri yer alır.

AZƏRBAYCANIN DÜNYA İDMANINA TÖHFƏSİ

Azərbaycan yalnız mədəniyyəti və tarixi ilə deyil, həm də dünya idmanına verdiyi töhfələr ilə tanınır.

Son 30 ildə idmana xüsusi diqqət ayıran ölkəmiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmkarlıqla göstərdiyi dəstək sayəsində bu sahədə bir çox uğurlar əldə edib.

BEYNƏLXALQ İDMAN TƏDBİRLƏRİNİN MƏRKƏZİ

Ölkəmiz bu illər ərzində nüfuzlu beynəlxalq yarışların keçirilməsində zəngin təcrübəyə sahib olmuşdur. 2015-ci ildə keçirilmiş I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropanın Gənc Olimpiya Festivalı, 2019-cu ildə UEFA Avropa Liqasının həyəcanlı finalı, Şahmat üzrə Dünya Kuboku, hər il təşkil olunan möhtəşəm Formula 1 Azərbaycan Qran Prisi və müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatları ölkəmizdə uğurla baş tutmuş, ölkənin dünya idman arenasındakı mövqeyini möhkəmlətmişdir.

AZƏRBAYCAN III MDB OYUNLARINA EV SAHİBLİYİ EDİR

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi bu şanlı ənənənin davamı və məntiqi nəticəsidir.

Tədbirin paytaxtdan kənar regionlarda – Xankəndi, Gəncə, Qəbələ, Şəki, Mingəçevir, GöyGöl və Yevlax şəhərlərində keçirilməsi Azərbaycanın hərtərəfli inkişafını, idmana göstərilən xüsusi diqqəti və bu sahədəki geniş imkanlarını nümayiş etdirir.

Beləliklə, III MDB Oyunları 23 idman növü üzrə yarışları əhatə edəcək və bu yarışlar 12 müasir idman məkanında keçiriləcək.

Azərbaycan zəngin tarixi, dinamik bugünü və möhkəm gələcəyi, həmçinin dünya miqyasında mədəniyyət və idman ənənələri ilə tanınan bir dövlətdir.

O, bir daha beynəlxalq idman ictimaiyyətini qonaqpərvər evində qarşılayaraq, III MDB Oyunlarına ev sahibliyi etməyə hazırdır!

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları