Azərbaycan

MDB Oyunları

Azərbaycana xoş gəlmisiniz

Odlar yurdu, multikulturalizm diyarı

Azərbaycan qədim tarixə və zəngin mədəni irsə malik olan, “Odlar Yurdu” kimi tanınan bir ölkədir.

Şərq və Qərbin kəsişməsində yerləşən bu torpaq, multikulturalizm ilə seçilir və bir çox xalqların və mədəniyyətlərin sülh şəraitində birgə yaşamasının gözəl nümunəsidir.

Azərbaycan, coğrafi mövqeyi və müxtəlif relyefi ilə dağ zirvələrindən Xəzər dənizinin sahil düzənliklərinə qədər uzanır və bu, ölkəni unikal iqlim zonalarının mozaikasına çevirir. Bu xüsusiyyət, ölkəni planetin ən nadir yerlərindən birinə çevirir, çünki, burada mövcud olan 11 qlobal iqlim zonasının 9-na rast gəlinir.

Min illər boyu sivilizasiyaların inkişafında mühüm rol oynayan Azərbaycan, tarixi İpək Yolunun bir hissəsi olaraq, öz mədəni müxtəlifliyi, unikal adət – ənənələri və qonaqpərvərliyi ilə məşhurdur.

Mədəniyyətlər və dinlər arasında ahəngdar qarşılıqlı münasibət

Azərbaycan, dünyəvi bir dövlət olaraq müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşaması baxımından nümunəvi bir ölkədir. Dövlət tərəfindən dəstəklənən tolerantlıq, xalqın hər bir üzvünün düşüncə tərzinə və inanclarına hörmətlə yanaşılması, cəmiyyətin bütün sahələrində – gündəlik həyatdan təhsilə, hətta, beynəlxalq diplomatiyaya qədər özünü göstərir. Bu, Azərbaycanda müxtəlif etnik qrupların, o cümlədən əlli-dən çox xalqın sülh içində yaşadığı bir mühit yaradıb. Hər bir xalq öz mədəniyyətini qoruyub saxlamaqla yanaşı, digər xalqlarla qarşılıqlı anlayış və dostluq şəraitində yaşayır. Bu da ölkənin mədəniyyətini zənginləşdirir və dövlətin inkişafına müsbət təsir göstərir.

Azərbaycan Mədəniyyətinin Xəzinələri

Azərbaycan, sivilizasiyalar kəsişməsində yerləşərək qədim ənənələrin, zərif sənətlərin, melodik musiqinin, möhtəşəm memarlığın və müasir ilhamın harmoniya içində birləşdiyi unikal bir mədəni irs formalaşdırmışdır. Bu zəngin irs UNESCO tərəfindən tanınmış və onun dəyərli nümunələri Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir.

UNESCO tərəfindən qorunan Azərbaycanın Canlı İrsi, Muğamın cazibədar səsindən, Azərbaycan xalçalarının incəliyindən, Novruz bayramının rəngarəngliyindən, Kəlağayının ipək zərifliyindən, Çovqan at oyunundan, Dolma hazırlamaq sənətindən, Aşıqların poetik sənətindən və Köroğlunun epik dastanlarından ibarətdir. Dünya İrs Siyahısında parlayan incilər arasında Bakının qədim İçərişəhəri, Şirvanşahlar Sarayı və Qız Qalası, Şəki şəhərinin tarixi mərkəzi və Xan Sarayı, həmçinin Qobustan daş naxışları mövcuddur.

Azərbaycanın dünya idmanına töhvəsi

Azərbaycan yalnız mədəniyyəti və tarixi ilə deyil, həm də idmana verdiyi töhfələr ilə tanınır.

Son 30 ildə idmana xüsusi diqqət ayıran ölkəmiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmkarlıqla göstərdiyi dəstək sayəsində bu sahədə bir çox uğurlar əldə edib.

Azərbaycan beynəlxalq idman tədbirlərinin mərkəzi

Azərbaycan nüfuzlu beynəlxalq yarışların keçirilməsində zəngin təcrübəyə malikdir.

2015-ci ildə keçirilmiş I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları, 2019-cu ildə Avropanın Gənc Olimpiya Festivalı, 2019-cu ildə UEFA Avropa Liqasının həyəcanlı finalı, Şahmat üzrə Dünya Kuboku, hər il təşkil olunan möhtəşəm “Formula-1” Azərbaycan Qran Prisi və müxtəlif idman növləri üzrə Dünya və Avropa çempionatları ölkəmizdə uğurla baş tutmuş, Azərbaycanın dünya idman arenasındakı mövqeyini möhkəmləndirmişdir.

Azərbaycan III MDB oyunlarına ev sahibliyi edir

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi bu şanlı ənənənin davamı və məntiqi nəticəsidir.

Bu əhəmiyyətli tədbirin yeddi bölgəni, yəni Xankəndi, Gəncə, Qəbələ, Şəki, Mingəçevir, GöyGöl və Yevlaxı əhatə etməsi Azərbaycanın hərtərəfli inkişafını, idmana göstərilən xüsusi diqqəti və bu sahədəki geniş imkanlarını açıq şəkildə nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, III MDB Oyunları 23 idman növü üzrə yarışları əhatə edəcək və bu yarışlar 12 müasir idman məkanında keçiriləcək.

Azərbaycan zəngin tarixi, dinamik bugünü və möhkəm gələcəyi ilə, həmçinin dünya miqyasında mədəniyyət və idman ənənələri ilə tanınan bir dövlətdir.

O, bir daha beynəlxalq idman ictimaiyyətini qonaqpərvər evində qarşılayaraq, III MDB Oyunlarına ev sahibliyi etməyə hazırdır!

Təşkilatçılar

Azərbaycan Respublikası
Gənclər və İdman Nazirliyi
Bakı Şəhər Halqası
Əməliyyat Şirkəti

Rəsmi vaxt və nəticə təminatçıları