III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

Mar 14, 2025
III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda  keçirilməsi üzrə yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

Fevralın 12-də Azərbaycan Prezidentinin 2024-cü il 10 iyul tarixli Sərəncamı ilə yaradılan III
MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin ilk iclası
keçirilib. Baş nazirin müavini, Təşkilat Komitəsinin sədri Samir Şərifovun rəhbərliyi ilə keçirilən
iclasda Oyunlara hazırlıqla bağlı məsələlər ətraflı müzakirə edilib.

İclasda qeyd olunub ki, III MDB Oyunları 23 idman növü üzrə təşkil edilməklə, “2025-ci ildə
Müstəqil Dövlətlər Birliyinin idman paytaxtı” olan Gəncə şəhərində və ölkəmizin digər 6
şəhərində sentyabrın 28-dən oktyabrın 8-dək müddətdə keçiriləcək. Gəncədə 8, Mingəçevirdə
4, Qəbələdə 4, Şəkidə 3, Göygöldə 2, Yevlaxda 1 və Xankəndidə 1 idman növü üzrə yarışlar
təşkil ediləcək.

Oyunlarda iştirak etmək üçün MDB ölkələrinin idman heyətləri ilə yanaşı, bir sıra digər ölkələrin
idmançılarının da Azərbaycan Hökumətinin dəvəti əsasında iştirakları gözlənilir.
İclasda idman obyektlərinin hazırlığı, nəqliyyat və logistika məsələləri, iştirakçıların
yerləşdirilməsi, könüllülərin cəlb olunması, akkreditasiya prosesi, oyunların mediada yayımı,
açılış və bağlanış mərasimlərinə hazırlıq və digər məsələlər üzrə geniş təqdimatlar edilib.
Azərbaycan Prezidentinin lll MDB Oyunları ilə bağlı Tədbirlər Planının həyata keçirilməsini təmin
etmək məqsədilə Təşkilat Komitəsinin qarşısında qoyduğu vəzifələrin icrası və digər aidiyyəti
məsələlər üzrə müvafiq tapşırıqlar verilib, qurumlar arasında əlaqələndirmənin təmin olunması
ilə bağlı konkret vəzifələr müəyyənləşdirilib.

Sonda Təşkilat Komitəsinin sədri Samir Şərifov Prezident İlham Əliyevin təşəbbüsü ilə
Azərbaycanın bir çox mötəbər beynəlxalq tədbirlərə, o cümlədən idman sahəsində Birinci
Avropa Oyunlarına, İslam Həmrəylik Oyunlarına və digər böyük tədbirlərə yüksək səviyyədə ev
sahibliyini qeyd edərək, III MDB Oyunlarının da ölkəmizdə peşəkarlıqla və layiqincə keçirilməsi
üçün səfərbər olmağın zəruriliyini Təşkilat Komitəsinin üzvlərinin diqqətinə çatdırıb.

Digər Xəbərlər

təşkilatçılar

Rəsmi vaxt və nəticə təminatçıları