Qəbələ – Azərbaycanın şimal-qərbində yerləşən, füsunkar təbiəti və zəngin tarixi irsi ilə seçilən bir şəhərdir. Minilliklər boyunca müxtəlif sivilizasiyalara ev sahibliyi edən bu ərazi, həm yerli, həm də xarici turistlər üçün unikal məkandır.
Qədim Qəbələ şəhəri eramızdan əvvəl IV əsrdən eramızın V əsrinə qədər – 900 il ərzində Qafqaz Albaniyasının paytaxtı olmuşdur. Şəhərin qədimliyini bu günə qədər qorunub saxlanılmış qala divarları və arxeoloji abidələr sübut edir. Qəbələ, Böyük İpək Yolunun üzərində yerləşməsi ilə strateji əhəmiyyətə malik idi. Eramızın I əsrində romalı alim Pliniy tərəfindən “Kabala” adı ilə qeyd olunmuş, II əsrdə yunan coğrafiyaşünası Klavdi Ptolemey tərəfindən “Xabala”, IX əsrdə isə ərəb tarixçisi Bəlazuri tərəfindən “Xəzər” kimi xatırlanmışdır.
Rayon ərazisində 90-dan çox tarixi, etnoqrafik və maddi-mədəniyyət abidəsi qorunur. Bunlar arasında Qəbələ Qala Kompleksi, Külək Qüllələri və Qəbələ qalası xüsusi yer tutur. Tarixi və memarlıq irsinin mühafizəsi məqsədilə 480 hektar ərazini əhatə edən Qəbələ Tarix-Mədəniyyət Qoruğu yaradılmışdır.
Burada eramızdan əvvəl I minilliyə aid daş kurqan, II əsrə aid Müqəddəs Yelisey alban-udin kilsəsi, Nic qəsəbəsində yerləşən qədim nekropollar, Yengicə kəndinin cənubundakı “Qızlar qalası” (IV–XIV əsrlər), Surxay qalası (X–XII əsrlər), Xəzrə kəndində yerləşən XIV–XV əsr türbələr kompleksi, Dizaxlı kəndinin şimal-qərbində VII əsrə aid Qomurad türbəsi, şəhərin özündəki Budxana qalıqları, XVIII əsrdə inşa olunmuş Cümə məscidi və digər tarixi abidələr yer alır.

Qəbələ yalnız tarixi ilə deyil, təbii gözəllikləri ilə də seçilir. Şəhər dəniz səviyyəsindən 800 metr yüksəklikdə yerləşir və Bazar-Yurd, Tufandağ və Bazardüzü dağları ilə əhatələnmişdir. Geniş meşəliklər, saf havası və müalicəvi mineral bulaqlar buranı sağlamlıq turizmi və ekoturizm üçün ideal məkana çevirir.
“Tufandağ Qış-Yay Turizm Kompleksi”, “Nohur gölü”, “Yeddi Gözəl” şəlaləsi və “Şongar” mineral bulağı il boyu turistlərin maraq dairəsindədir.
Müasir Qəbələ mədəni və idman tədbirləri ilə də zənginləşir. 2009-cu ildən bəri hər il açıq havada Qəbələ Beynəlxalq Musiqi Festivalı keçirilir. Şəhərdə beynəlxalq standartlara cavab verən stadion, yeni atıcılıq idman kompleksi, Tufan xizək kompleksi və əyləncə parkı fəaliyyət göstərir. Burada kvadrosikllarla gəzinti, dağ yürüşləri, ovçuluq, balıqçılıq və paraplanla uçuş kimi fəaliyyətlər təklif olunur.
Qəbələnin inkişafı nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə dəstəklənir. 2011-ci ildə istifadəyə verilən Qəbələ Beynəlxalq Hava Limanı bütün növ təyyarələri qəbul edə bilir. Bakı ilə Qəbələ arasında fəaliyyət göstərən dəmir yolu xətti isə sərnişinlərə rahat və sürətli nəqliyyat imkanı yaradır. Tarixi irsini müasir infrastrukturla mükəmməl şəkildə birləşdirən Qəbələ, bu gün Azərbaycanın aparıcı turizm mərkəzlərindən biri kimi seçilir. Qəbələ tarixə, təbiətə və macəraya marağı olanlar üçün əlverişli şərait yaradır.
Qəbələdə iqlim mülayim isti subtropikdir, bəzi dağlıq ərazilərdə tundra iqlimi də müşahidə olunur. Yay ayları isti, quraq və açıq havalı, qış ayları isə soyuq, qarlı və bəzən buludlu keçir. İllik temperatur adətən -4 °C ilə 29 °C arasında dəyişir, nadir hallarda -9 °C-dən aşağı və ya 33 °C-dən yuxarı olur.